Nəhəng balinalar

Dənizdə yaşayan ən böyük canlılar balinalardır. Xüsusilə, Mavi Balina olaraq tanınan balina növünün boyu 30 metri, ağırlığı isə 150.000 kq-ı keçər. Bu balinanın boyunun uzunluğunu anlaya bilmək üçün gözünüzün önünə 5 mərtəbəli bir bina gətirməyə çalışın. Bir də yenə eyni balinanın 25-30 fil ilə, təxminən, eyni ağırlıqda ola biləcəyini də unutmayın.
Yaxşı, bu qədər böyük və bu qədər ağır olan bir heyvan necə olar ki, dənizin 800-1000 metr dərinliklərinə dalıb, oradan su üzünə asanlıqla çıxa bilər? Məsələn, 150 tonluq, 30 metrlik böyük bir gəmi düşünün. Bu böyük gəmi dənizdə batsa və 1000 metr dərinliyə düşsə, onu təkrar su səthinə çıxara bilmək üçün illərlə çalışmaq lazımdır. Halbuki, balina Allahın ona verdiyi güclə 15-20 saniyə qədər qısa bir müddətdə su üstünə çıxa bilər. Çünki balinanın sümükləri məsaməli bir maddədən yaradılmışdır və bu sümüklərin içi yağ ilə doludur, bunun sayəsində balina asanlıqla su üzərində dayana bilər.
Bir də balina usta dalğıcdır. Gövdəsi dənizin dərinliklərindəki böyük təzyiqlərə dözə biləcək şəkildə yaradılmışdır. Heyvanın qanında və əzələlərində dövr edən oksigen sualtında ikən və nəfəs almadığı zamanlarda balinanı qidalandıracaq kimyəvi maddələrlə qarışar. Dövretmə sistemi isə qanı daxili orqanlardan beyinə göndərəcək şəkildə yaradılmışdır. Bunun sayəsində balina nəfəs almaq üçün suyun səthinə çıxana qədər bədənindəki oksigeni, oksigenə ən çox ehtiyacı olan orqana, yəni beyninə göndərə bilir.
Elm adamlarını heyrətə salan bu möhtəşəm sistem Allahın sənətinin bir təcəllisi, yəni əks olunmasıdır. Bunun sayəsində balina bir dəfə daldıqda 15-20 dəqiqədən daha çox bir müddətdə suyun dibində nəfəssiz qala bilər.
Bundan əlavə, balinalar dənizin dərinliklərindən suyun səthinə birdən-birə çıxdıqlarında, insanlar kimi vurğun yeməzlər.
Uşaqlar, vurğun yemək nədir deyə düşünə bilərsiniz. Vurğun hündürlük fərqləri ilə bağlı olan təzyiq dəyişmələrindən meydana gələr. Dalğıclar da dərinliklərə endiklərində vurğun yeməmək üçün, yəni təzyiq fərqindən təsirlənməmək üçün müəyyən səviyyələrdə dayanaraq bədənlərini o təzyiqə alışdırarlar. Bu şəkildə çox dərinlərə yavaş-yavaş enə bilərlər. Amma unutmayın ki, təkrar yuxarı çıxmaq üçün müəyyən aralıqlarla yenə gözləmək məcburiyyətindədirlər. Əks halda dalğıcın damarları təzyiq fərqliliyinə görə partlayar və dalğıc ölər. Ancaq balinaların belə bir problemi yoxdur. Çünki Allah balinaları dənizdə, insanları da quruda yaşaya biləcəkləri xüsusiyyətlərlə yaratmışdır.
Balinanın başının üzərindəki dəlikdən su fışqırdığını görmüsünüz. Yaxşı, bunun balinanın burnu olduğunu bilirdinizmi? Balinalar burunlarından yalnız nəfəs alıb vermək üçün istifadə edirlər. Bəzi insanlar balinaların bu dəlikdən su fışqırtdıqlarını zənn edirlər. Halbuki, balinalar yalnız ciyərlərindəki havanı boşaldarlar. Bu hava su buxarı ilə dolu olduğu və beləliklə də çöldəki havadan daha isti olduğu üçün uzaqdan baxıldıqda sanki su şırnağı kimi görünər.
Balinanın bədəni, ümumiyyətlə, torpedo formasında və suda üzməyə əlverişlidir. Balıqların quyruqları, ümumiyyətlə, suya şaquli vəziyyətdə ikən, balinaların quyruqları suya üfüqi vəziyyətdə olar. Balina bu quyruq sayəsində bədənini suyun içində itələyər.
Balinanın dərisinin altında təxminən 50 sm qalınlığında bir yağ təbəqəsi var. Bu təbəqənin əsas vəzifəsi balinanın bədən temperaturunun 34-370 dərəcə arasında tutmaqdır.
Burada əhəmiyyətli bir məqamı xatırlatmaqda fayda var. Balinalar və digər balıqlar təxmin edildiyi kimi dəniz suyunu içməzlər. Çünki duzlu su içmək bir canlıya zərər verər. Buna görə suya olan ehtiyaclarını yedikləri qidaların tərkibindəki sudan təmin edərlər.
Hər il Kaliforniyada dekabr və yanvar aylarında boz balinalar Şimal Buzlu okeanında Şimali Amerikanın cənub sahillərinə keçərək Kaliforniyaya doğru üzərlər. Balalamaq üçün ilıq sulara doğru hərəkət edərlər. Bu səfərləri əsnasında ən maraqlı olan isə ana balinanın heç bir şey yeməməsi və buna ehtiyacının da olmamasıdır. Uzun yaz günlərində şimalın qida cəhətdən zəngin sularındakı yemlərlə özünü doyurar. Beləliklə, uzun sürən köç dövrü üçün lazım olan enerjidən daha çoxunu ehtiva edən qalın bir yağ təbəqəsinə sahib olar. Ana balina Qərbi Meksikaya çatar-çatmaz dünyaya bala gətirər. Balalar analarının südləriylə bəslənər, yağ ehtiyatı yığar və, beləliklə, mart ayında başlatdıqları şimala köç üçün güc qazanmış olarlar.
Bütün məməlilər kimi balina da balalarına süd verər. Buna baxmayaraq, balalar südü əmməzlər, südü əmsələr ağızlarına süd ilə birlikdə dəniz suyu da girər. Daha əvvəl də ifadə etdiyimiz kimi, duzlu su içmək balina üçün zərərlidir. Ancaq dişi balinaların döş vəziləri ətrafında bir əzələ halqası vardır. Ana balina bu halqanı sıxdıqda təzyiq yaranar və beləcə -delfinlərdə olduğu kimi- südü birbaşa balasının ağızına verə bilər. Bu süd normal bir süd deyil. Çox da qatı olmayan, yağlı bir maddədir. Bunun sayəsində süd dəniz suyuna qarışmaz. Balanın içdiyi -daha doğrusu yediyi- bu maddə mədədə həzm olunar. Həzm olunan qida eyni zamanda da balanın su ehtiyacını qarşılayar. Göründüyü kimi, balaların qidalana bilməsi üçün Allah onlara ən mükəmməl sistemi təmin etmişdir.

Balinanın gözlərinin üzərində olan yağlı və şəffaf ifrazat heyvanın gözlərini dəniz suyunun mənfi təsirlərindən qoruyar. Balinanın toxunma və eşitmə duyğuları çox itidir. Su altında müxtəlif səslər çıxarar və bu səslərin əks-sədasını dinləyərək istiqamətlərini tapa bilərlər. Bu duyğunun iş prinsipi radarların iş prinsipiylə eynidir. Onsuz da radarlar da balinaların bu xüsusiyyətlərinin təqlid edilməsiylə hazırlanmışdır. Elm adamları balinanın çıxardığı bu səslərin son dərəcə kompleks bir dil olduğuna inanarlar. Bu dil aralarındakı qarlşılıqlı təsir və əlaqədə də əhəmiyyətli bir rol oynayar.