Uzun ayaqlı leyləklər

Baharın ilıq günlərində çərpələng uçurarkən səmada gördüyümüz minlərlə ağ böyük quşlar leyləklərdir. Leyləklər 1-1.5 m hündürlükdə, böyük dümağ qanadları, uzun qara quyruqları olan iri, köçəri quşlardır. Dimdiklərinin və uzun ayaqlarının qırmızı olması leyləklərə təbii olaraq sevimli bir ovqat qazandırar.
Leyləklərin ən çox diqqət çəkən xüsusiyyətləri uçuş formalarıdır. Dimdiklərini irəli, ayaqlarını geriyə doğru uzadaraq uçarlar. Leyləklərin bu estetik uçuş formaları onlara havanı yararaq daha sürətli uça bilmə imkanı yaradır.
Leyləklər hər il böyük sürülər halında köç edərlər. Bunun səbəbi soyuq bölgələrdə yaşaya bilməmələridir. Vətənimizə köç edən leyləklər bizə isti yaz günlərinin müjdəsini verərlər. Leyləklər yaz mövsümündə Avropadan Şimali Afrikaya, Azərbaycandan Yaponiyaya qədər uzanan, iqlimin yumşaq keçdiyi qurşaqda həyatlarını davam etdirərlər. Havalar soyumağa başlamamış Cənub Yarımkürəsinə, tropik Afrikaya və Hindistana köç edərlər.
Leyləklərin Cənub Yarımkürəsinin həmin tarixlərdə istiləşməyə başladığını haradan bildikləri isə təəccüblüdür, hətta bu bir möcüzədir. Ancaq daha təəccüblü olan aradan bir il keçib təkrar yaz gəldikdə leyləklərin minlərlə kilometr yolu geri qayıdıb köhnə yuvalarını tapmalarıdır.
Bəli! Səhv oxumadınız...
Leyləklər bir il əvvəl qurduqları yuvalarını tapıb təkrar oraya yerləşərlər. Yaxşı, necə olar ki, bu qədər uzun bir zaman sonra, o qədər uzaq məsafələri qət edib gələrlər və sanki əllərində bir kompas varmış kimi, köhnə yuvalarını heç çaşmadan, dərhal tapa bilərlər? Təbii ki, bu cür güclü bir yaddaş və belə möhtəşəm bir istiqamət tapma duyğusunu leyləklərə hər şeyin yaradıcısı, Rəbbimiz olan Allah ilham etməkdədir.
Bir də bu çəlik qıçlı leyləklər köç edərkən dənizlərin üstündən keçməzlər. Bunun səbəbi yorulduqlarında istirahət edəcəkləri bir quru parçası tapa bilməməkdən ehtiyyat etmələridir. Buna görə İstanbul boğazı, Cəbəllütariq boğazı və Süveyş kanalı kimi dar su sahələrinin üzərindən keçməyi seçərlər.
İnsanlardan qaçmayan leyləklər yuvalarını binaların, ağacların, odun yığınlarının və bacaların təpələrində qurarlar. Ümumiyyətlə, bütün leylək sürüləri birlikdə köç edərlər. Avropaya çatdıqda müəyyən bir müddət burada qalarlar. Bir müddət sonra, əsasən, aprel ayının ilk həftəsində, erkək leylək çöplərdən gözəl bir yuva qurar. Bayaq da söylədiyimiz kimi hər il eyni yeri seçər. Yuvanı vasvasılıqla qoruyar və yalnız yemək axtarmaq üçün, qısa vaxt ərzində yuvadan ayrılar. Leyləklərin bəzi növləri də bataqlıqlarda, ağac təpələrində yuva qurar və qruplar halında yaşayarlar. Bir sərv ağacında 12 böyük leylək yuvasına rast gələ bilərsiniz. Quşların qruplar halında yaşamasına Quranda da diqqət çəkilmişdir:

Yer üzündə gəzən heyvanların və göydə uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar. (Ənam surəsi, 38)

Yaxşı, leyləklərin bir-birləri ilə necə əlaqə qurduqlarını bilirsinizmi?
Leyləklər dəyişik səslər çıxararaq yox, dimdiklərini tıqqıldadaraq bir-birləriylə əlaqə qurarlar. Bizə sanki bir-birinin eynisiymiş kimi gələn “tıq-tıq” səsləriylə bir çox şeyi izah edə bilərlər.
Sizə bir sual daha, leyləklərin rəqs etdiklərini bilirsinizmi?
Bəli, sualı doğru anladınız. Erkək leylək və yoldaşı bir yerə gəlincə dimdiklərini tıqqıldadaraq, qanad çırparaq rəqs edərlər. Bu rəqsin ən böyük xüsusiyyəti erkək leyləyin dişinin diqqətini çəkməyə çalışmasıdır. Leyləklərin hardasa bir insan boyunda olduğunu düşünsəniz rəqslərinin nə qədər maraqlı olduğunu gözlərinin qarşısında canlandıra bilərsiniz.
Təbii ki, leyləklərin hamısı eyni boyda olmaz. Ən kiçik leylək növü Asiya və Afrikada yaşayan açıq dimdikli leyləklərdir. Dimdiyini yumduğu zaman dimdiyin yalnız başı və axırı örtülər, ortası açıq qalar. Bu dimdik leyləyin ilbiz və molyusk qabıqlarını daha asan yeyə bilməsinə şərait yaradar.

Allahın heyvanları bu qədər müxtəlif, gözəl və sevimli yaratması bizim imanımızın artmasına, hər baxdığımız şeydə Allahın ucalığını və mükəmməl yaratmasını görə bilməyimizə, ayələrini (Allahın varlığının dəlillərini) anlayıb tanıya bilməyimizə kömək olar.