Əzizlənmək istəyən dəcəl pişiklər

Pişiklər tək yaşayan, müstəqil olmaqdan xoşlanan heyvanlardır. Evcil itlər kimi sahiblərinin istəklərinə heç bir zaman boyun əyməzlər. Sizin də bildiyiniz kimi pişiklər ac qaldıqlarında miyovuldayar, əzizlənmək istədiklərində sürtünər, tükləri tumarlandıqda aldığı zövqdən ötrü mırıldayar və əlavə bunlara bənzər bir çox hərəkətlə istədikləri mesajı verərlər.

- Pişiklərin gözlərinin gecələr çox iti gördüklərini bilirsinizmi?
Bəli, bu tük yumaqlarının görməsi üçün azca işıq kifayətdir. Çünki pişiklərin gözləri bizim gözlərimizdən fərqli yaradılmışdır. Onların göz bəbəkləri qaranlıqda olduqca çox işıq ala bilmək üçün böyüyərək yumrulaşar. Bu da onların qaranlıqda rahatlıqla görə bilmələrini təmin edər.
Bundan başqa, pişiklərin gözlərində insanların gözlərində olmayan bir təbəqə var. Bu təbəqə torlu qişa təbəqəsinin birbaşa arxasındadır. Torlu qişadan keçib bura gələn işıq təkrar torlu qişaya doğru əks olunar. Elə, bu təbəqə işığı geri əks etdirə bildiyi üçün torlu qişadan iki dəfə işıq keçmiş olar. Bunun sayəsində pişiklər çox az işıqda, hətta insan gözünün görə bilməyəcəyi qədər qaranlıq mühitlərdə belə çox yaxşı görər.

- Yaxşı, heç düşündünüzmü gözləri gecələr niyə parıldayır?
Bu parlama, pişiyin gözlərindəki bir az əvvəl bəhs etdiyimiz təbəqə ilə əlaqədardır. Artıq sizin də bildiyiniz kimi, bu təbəqə gələn işığı ayna kimi geri əks etdirər. Elə onların gözlərini daha parlaq göstərən, gözlərindəki aynadan əks olunan işıqdır.

- Pəncələrinin xüsusiyyətini bilirsinizmi?
Bu sevimlilərin kiçik pəncələri təhlükə vaxtlarında yırtıcı bir pəncəyə çevrilərlər. Bunları təhlükəli hala gətirən, içlərində saxladıqları sivri və iti dırnaqlarıdır. Təhlükə vaxtlarında bu dırnaqları çölə çıxarmaq üçün etdikləri hərəkət, eyni zamanda pəncələrin yayılaraq genişləməsini də təmin edər.

- Nə üçün həmişə dörd ayaq üzərinə düşərlər?
Hamınız bilirsiniz ki, metrlərlə yüksəklikdən düşsələr də pişiklər hər dəfə dörd ayaqları üzərinə düşərlər. Dörd ayaq üstünə düşməyin pişiklərdəki həqiqi səbəbi onların düşərkən tarazlıqlarını təmin etmək üçün quyruqlarından istifadə etmələri və gövdələrinin ağırlıq mərkəzini bunun sayəsində dəyişdirib, ayaqları üzərində yerə düşə bilmələridir.

Ağacların üzərində, yüksək yerlərdə gəzməkdən zövq alan bu sevimli heyvancıqlara düşmə təhlükəsi qarşısında bu qoruyucu xüsusiyyəti verən sonsuz şəfqət və mərhəmət sahibi olan uca Rəbbimizdir.